Bakının Binəqədi rayonunda Novruz bayramı münasibətilə bir sıra tədbirlər təşkil olunub. Belə ki, ATİAHİ Binəqədi rayon komitəsi bayramla əlaqədar olaraq, 172 ittifaq üzvünə hədiyyələr verib və onları diplomla təltif edib.
Bundan başqa, rayon komitəsi həmçinin 201 təhsil işçisini də mükafatlandırıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.
Çıxışlar zamanı bildirilib ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Bayramda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. Qeyd olunub ki, “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Tədbirlərdə mükafatlandırılan müəllimlər göstərilən diqqət və qayğıya görə, rayon komitəsinin rəhbərliyinə təşəkkür ediblər.