Zəfər Günü ilə əlaqədar ATİAHİ Binəqədi rayon komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə qırx dörd günlük Vətən müharibəsində iştirak etmiş təhsil iştirakçıları, eləcə də şəhid ailələri iştirak edib. Tədbirdə ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənov çıxış edərək bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Bu tarixi hadisə ilə Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyümüz təmin edildi. Z.Həsənov həmçinin qeyd edib ki, Binəqədi rayonunun müharibə iştirakçısı olan təhsil işçiləri öz rəşadətləri ilə bir daha sübut ediblər ki, hər bir Azərbaycan vətəndaşı peşəsindən asılı olmayaraq torpaqlarımız uğrunda silaha sarılmağa, döyüşməyə, lazım gələrsə canından belə keçməyə hazırdır.
Sonra tədbirdə müharibə iştirakçısı olmuş təhsil işçilərinə və şəhid ailələrinə rayon komitəsinin fəxri fərmanı və pul mükafatı təqdim edilib.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinin sədri Z.Həsənova və rayon komitəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.