Binəqədi rayonunun təhsil müəssisələrində 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbirlərdə ATİAHİ Binəqədi rayon komitəsinin əməkdaşları, rayon məktəblərinin müdirləri, həmkarlar təşkilatının sədrləri və qadın müəllimlər iştirak edib. Tədbirlərdə çıxış edənlər Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolundan danışıblar. Qeyd ediblər ki, ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Bildirilib ki, həmişə ən uca zirvələrdə dayanan Azərbaycan qadınları xoş və nəcib əməlləri, xeyirxahlığı, mətin iradəsi, şəfqəti və təşəbbüskarlığı ilə daim seçilir. Azərbaycan qadını həmişə vətən üçün layiqli və mərd övladlar tərbiyə edib. Həmin oğullar qəhrəmanlıq və şücaət göstərərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək misilsiz qələbə çalıblar.
Tədbirlərdə iştirak edən 232 nəfər həmkarlar ittifaqı fəalı olan qadın təhsil işçisinə qiymətli hədiyyələr və fəxri fərman verilib.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə ATİAHİ Binəqədi rayon komitəsinə və rayon komitəsinin sədri Zahir Həsənova təşəkkürlərini bildiriblər.