Mayın 27-də ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Rayonun təhsil işçilərinin qatıldığı tədbirdə çıxış edən komitənin sədri Zahir Həsənov Azərbaycan xalqının milli-azadlıq mübarizəsindən, müstəqillik tariximizdən, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından, gördüyü işlərdən danışıb. Bildirib ki, AXC az ömür yaşasa da, onun xalqımızın yaddaşında bərqərar etdiyi ideyalar unudulmadı, üstündən 70 il keçəndən sonra xalqımız yenidən müstəqillik qazandı. Onun sözlərinə görə, ilk illər müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalsaq da, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən hakimiyyətə gətirilməsi ilə bu təhlükə sovuşdu və müstəqilliyimiz möhkəmləndi. Z.Həsənov vurğulayıb ki, bu gün müstəqil Azərbaycan öz inkişafının ən yüksək zirvəsinə çatıb və xalqımız dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha parlaq gələcəyə doğru irəliləməkdədir. Sonra Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik edən komitə sədri 133 nəfərə Fəxri diplom və qiymətli hədiyyələr təqdim edib.
Eyni zamanda bayram münasibətilə 109 nəfər müraciət edən həmkarlar ittifaqının fəal üzvlərinə maddi dəstək göstərilib. Diqqət və qayğıya görə, təhsil işçiləri ATİAHİ Binəqədi rayon komitəsinin sədri Zahir Həsənova və komitənin əməkdaşlarına təşəkkür ediblər.